0

GÜLƏR ƏHMƏDOVA YAP RƏHBƏRLİYİNƏ SAVAŞ AÇDI

Sabiq deputat “mənim ağzımı açdırmasınlar, peşman olarlar” deyə, təhdid yağdırdı; ardınca prezidentə müraciət etdi

ABU-nun sabiq rektoru Elşad Abdullayevlə mandat alverinə dair videosu yayılan eks-deputat Gülər Əhmədova ilə bağlı prosesdə sular durulmur. Hər gün onunla bağlı yeni bir gəlişmə, gözlənilməz addım baş verir. Dünən onun oğlanları ilə bağlı iki yenilik mətbuatın gündəmində idi. Bunlardan biri G.Əhmədovanın iddiası üzrə həbs edilmiş “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsində üzə çıxıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə iş adamı Aydın Heydərovun sürücüsü işləmiş Əlirza Allahverdiyev şahid qismində ifadə verib. O, A.Heydərovun ona verdiyi iki yüz dolları Həsən Əliyev küçəsində bir nəfərə verdiyini deyib: “Həmin hadisənin üstündən çox vaxt keçdiyi üçün yaxşı xatırlamıram. Lakin bilirəm ki, qəzet redaktoru idi və Aydın Heydərov haqqında qəzetində biədəb yazılar yazırdı”.

Ə.Zeynallı isə bildirib ki, həmin adamı birinci dəfədir görür: “Əlirza Allahverdiyev pul verdiyi adamı düz-əməlli xatırlamır”.

Daha sonra Ə.Zeynallı digər şahidlərin hansı səbəbdən məhkəməyə gəlmədiyinə aydınlıq gətirilməsini istəyib. Hakim bildirib ki, Aydın Heydərov ötən prosesdə ifadə verib: “Aydın Heydərov ötən prosesdə ifadə verdi. Lakin yarımçıq qalıb. İndi də xəstəxanada olduğu üçün məhkəməyə gələ bilmir. Digər şahidlərdən Tənzilə Rüstəmxanlıya məhkəməyə gəlməsi üçün çağırış vərəqəsi göndərilib, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov və digər şahid Vüqar Məmmədovun barəsində isə məhkəməyə məcburi gətirilməsi üçün qərar qəbul olunub. Çünki həmin şəxsləri dəfələrlə məhkəməyə çağırmışıq, gəlməyiblər. Məcburi şəkildə gətirilmələri üçün polis idarəsinə müraciət etmişik”.

Günün ortalarında isə xəbər yayıldı ki, sabiq deputatın oğulları — 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov və 1989-cu il təvəllüdlü Əkbər Fikrət oğlu Əhmədova hərbi çağırış göndərilib. Onun hər iki oğlunun hərbi xidmətdən yayınması faktı haqda iddialar var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsindən isə modern.az-a bildiriblər ki, adıçəkilən şəxslərə çağırış vərəqəsi göndərilməyib. “Çünki onlar hələ ali təhsillərini bitirməyiblər”, — deyə idarədən həmin saytın əməkdaşına bildirilib.

Amma dünən gün ərzində G.Əhmədovaya eks partiyadaşlarının da hücumu davam edib. Onlardan biri yenə də Əli Əhmədov olub və sonuncu onun YAP üzvlüyündən çıxarılması ilə bağlı suala aydınlıq gətirib. APA-ya açıqlamasında Ə.Əhmədov deyib: “Əlbəttə, yayılan videoda yer alan YAP üzvü ilə bağlı partiya təmsilçiləri özlərinin birmənalı münasibətini bildiriblər. Verilən sualda da məntiq var ki, belə bir əməli törətmiş insanın YAP üzvü kimi qalması nə dərəcədə düzgün sayıla bilər? Mən də belə düşünürəm”.

Əli Əhmədovun dediyinə görə, artıq YAP-ın fəal üzvləri də bununla bağlı fikirlərini səsləndiriblər: “Gülər Əhmədova YAP-ın sıravi bir üzvüdür, Yasamal rayon təşkilatında qeydiyyata alınıb. Onunla bağlı məsələyə məhz həmin təşkilatda baxılacaq. Güman edirəm ki, ilk təşkilatda aparılacaq müzakirələr nəticəsində düzgün və obyektiv qərar qəbul olunacaq. Düşünürəm ki, onların qərarı hər hansı bir basqı olmadan qəbul ediləcək. Güman edirəm ki, yaxın müddətdə Yasamal rayon təşkilatı bu məsələyə münasibətini bildirəcək və müvafiq qərar qəbul edəcək”.

“Gülər Əhmədova ilə bağlı olaylara münasibətim çox pisdir”. Bu sözləri isə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva eks-millət vəkili ilə bağlı qalmaqala münasibətini modern.az-a açıqlayarkən bildirib.

Deputat Zeynəb Xanlarova isə modern.az-a açıqlamasında digər həmkarlarından fərqli olaraq, G.Əhmədova barəsində hər hansı sərt fikir söyləmək istəmədiyini deyib. Belə ki, o yıxılanlara balta vuranlardan olmadığını vurğulayıb: “Yıxılanın əlindən tutub qaldırmağa çalışıram. Bu mənim xarakterimdir”.

Dünən gün ərzində G.Əhmədovanın ölkəni tərk etməyə cəhd göstərməsi, amma sərhəddə saxlanması barədə xəbərlər də mediada yer aldı. Amma bunlar öz təsdiqini tapmadı. Eyni saatlarda onun qardaşının işdən azad edilməsi, evində axtarış aparılması ilə bağlı növbəti dəfə dezinformasiya seli baş verdi və az keçmədən təkzib olundu.

G.Əhmədova cəbhəsində baş verən bir başqa yenilik isə eks-deputatın həmlələridir. O, oktyabrın 10-da öz facebook səhifəsindəki statusunda ilginc bir iddia ortaya atıb. Xanım Əhmədova bildirib ki, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Mehman Hüseynov onun profilinə girir. Açıq mətnlə yazmasa da, eks-deputat bununla həm də statusundakı bəzi və ona zərər gətirən fikirlərin başqası tərəfindən yazılmasına işarə vurmaq istəyib. O, həm də prosesləri başqa tərəfə yönəldərək, növbəti dəfə özünü zərərçəkən, bu dəfə isə kiber-terrorun qurbanı kimi təqdim etməyə çalışıb.

Xatırladaq ki, G.Əhmədovanın bu iddiasına M.Hüseynov da öz profilində cavab verib. Amma “Yeni Müsavat”a açıqlamasında M.Hüseynov dedi ki, haker deyil və heç kimin profilini sındırıb, şeirlər yazmır. Müsahibimizin sözlərinə görə, bu, olduqca gülünc bir iddiadır. M.Hüseynov dedi ki, bəlkə kimsə onun profilini sındırıb, orada nəsə yazıb: “Amma bu, mən deyiləm. Əgər o da belə bir şeyin olduğundan şübhələnirsə, getsin, polisə müraciət etsin. Onun profili başqasının əlindədirsə, deməli, sabah orada başqa bir şey də baş verə bilər. Mən bunun məsuliyyətini daşımaq istəmirəm”.

Amma maraqlıdır ki, G.Əhmədova profilinin hücuma məruz qalması ilə bağlı statusunu bir neçə saatdan sonra silib. Müşahidəçilər hesab edir ki, eks deputat bunun uğursuz özünümüdafiə cəhdi olduğunu anlayandan sonra belə addım atıb.

G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun AzTV-dəki işindən çıxarıldığı ilə bağlı məlumata aydınlıq gətirilib. “O öz istəyi ilə işdən çıxıb”, — deyə modern.az saytına AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib.

“Fikrət Əhmədovun AzTV-dən ayrılması onun öz istəyi ilə həyata keçib. Telekanal rəhbərliyi onu işdən uzaqlaşdırmayıb. Sadəcə, Fikrət Əhmədov bu yaxınlarda özü rəhbərliyə ərizə ilə müraciət edərək, işdən çıxmaq istədiyini bildirib. Səbəbini də bilmirik. Onun hazırda nə işlə məşğul olması barəsində heç bir məlumat yoxdur”, — deyə X.Qasım qeyd edib. Qeyd edək ki, F.Əhmədov 1995-ci ildən AzTV telekanalında reklam şöbəsinin müdiri kimi çalışırdı.

Modern.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, F.Əhmədov ağır xəstəlikdən əziyyət çəkdiyi üçün bir müddət öncə əməliyyat olunub və buna görə də işdən ayrılıb.

Günün sonuna yaxın isə G.Əhmədova gün ərzində baş verənlərə öz facebook səhifəsində münasibət bildirib. O, statusu vasitəsilə ölkə prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə belə yazılıb: “Mən 2 gün bundan öncə yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqın gedişatına kömək etmək məqsədilə öz deputat mandatımdan imtina etdim və istintaqda ifadəmi verdim. Bundan sonra KİV və ictimaiyyətə heç bir açıqlama verməmək barədə vəd verdim. Lakin daha sonrakı müşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şər və iftira yağdırmağa başladılar. Hər gün bu təhqirlər mənə ünvanlanmağa başladı.

Bununla həmin insanlar istintaqın gedişatına mane olur, istintaqın istiqamətini yanlış yönə çevirməyə çalışırlar. Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm və həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirləri yağdıran insanlar çox peşman olacaqlar.

Sonda cənab prezidentə müraciət edirəm: Sizin nəzarətinizdə olan istintaq prosesi bitməmiş Sizin sədr olduğunuz partiyanın üzvləri mənim barəmdə təhqir dolu açıqlamalar səsləndirir və məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Mən artıq millət vəkili deyiləm. Bir qadın və ana olaraq, məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı Sizdən rica edirəm».

Qəzet çapa gedəndə ayrı-ayrı saytlarda və facebok şəbəkəsində mövzu ilə bağlı gəlişmələrə dair yazışmalar davam edirdi.

Sevinc TELMANQIZI

Поделиться в соц. сетях

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Ahlibeyt

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

* Copy This Password *

* Type Or Paste Password Here *

39 959 Spam Comments Blocked so far by Spam Free Wordpress